Ailə şirkəti
Ailə şirkətləri — səsvermə hüquqlu səhmlərin əskəriyyətinin hakim/nəzarət edən ailədə (o cümlədən, şirkəti öz xələflərinə ötürmək niyyəti olan təsisçi(lər)də) cəmləşdiyi şirkətdir.
== Haqqında ==
Ailə şirkətləri dünyada ən erkən və çox yayılmış işgüzar fəaliyyət növüdür. Bir çox ölkədə ailə şirkətləri işgüzar fəaliyyətdə 70%-dən artıq çəkiyə malikdir, iqtisadi artımın və işçi qüvvənin məşğulluqla təmin edilməsində aparıcı mövqeyə malikdir. Misal üçün, İspaniyada ailə şirkətləri işgüzar fəaliyyətin təxminən 75%-i təşkil edir və ümumdaxili məhsulun orta hesabla 65%-i hasil edir. Oxşar mənzərə Latın Amerikasında da müşahidə edilir – bu regionun məcmu ümumdaxili məhsulunun təxminən 60%-i ailə şirkətləri hesabına yaranır.
Ailə şirkətləri kiçik və orta şirkətlərdən müxtəlif sənaye və ölkədə fəaliyyət göstərən nəhəng şirkətlərə qədər fərqlənir. Ailə şirkətlərində olan bəzi tanınmış şirkətlər sırasına aşağıdakılar daxildir: Salvatore Ferragamo, Benetton, Fiat Group (İtaliya); L’Oreal, Carrefour Group, LVMH, Michelin (Fransa); Samsung, Hyundai Motor, LG Group (Cənubi Koreya); BMW, Siemens (Almaniya); Kikkoman, Ito-Yokado (Yaponiya); Ford Motors Co, Wal-Mart Stores (ABŞ).
Ailə şirkətləri əsasında qurulmuş şirkətlərin əksəriyyəti təsisçinin rəhbərlik dövründən sonra çox qısa ömür sürür və bu şirkətlərin təxminən 95%-i sahibkarların üçüncü nəslindən sonra ailə şirkətləri kimi artıq mövcud olmur. Bir çox halda bu, xələflərin inkişaf edən şirkətlə bağlı tələblərin və daha da böyümüş ailənin tələbatının öhdəsindən gəlməyə hazır olmamalarının nəticəsi ilə bağlıdır. Düzgün idarəetmə strukturlarının nizama salınması və xələflərin ailə şirkətləri mövzusunda savadlanmasının mümkün qədər tez başlaması ailə şirkətlərinin davam etməsi imkanlarını artıra bilər.